Image

Azərbaycan və Moldova aqrar sahənin rəqəmsallaşdırılması və texnoloji transferlə bağlı əməkdaşlıq edəcək

11 Oktyabr 2022

Moldovanın Kənd Təsərrüfatının İnkişafı və Modernizasiyası Agentliyi ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi arasında kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi və davamlı təcrübə mübadiləsi ilə bağlı tərəfdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən, tərəflər Azərbaycan və Moldovada aqrar sahədə  rəqəmsallaşma, texnologiya və innovasiyaların tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparacaq, bu sahənin rəqabət qabiliyyətinin artırılması, bazarlarla davamlı əlaqələrin təmin edilməsi, kənd təsərrüfatı mütəxəssisləri arasında bilik və təcrübə mübadiləsinin aparılması istiqamətləri üzrə əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq çərçivəsində dövlət-özəl tərəfdaşlığı yolu ilə fermerlərə kənd təsərrüfatı texnologiyası xidmətlərinin çatdırılması, aqrar sektorun rəqəmsallaşdırılması, müasir texnologiyaların tətbiqi və iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna təsirlərinin azaldılması sahəsində təcrübələrin bölüşdürülməsi də nəzərdə tutulur.

Görüş zamanı hər iki tərəf əməkdaşlıqda maraqlı olduğunu bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ötən gün Bakıda Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclası keçirilib.