13 Oktyabr 2022
Arıçılar yarmarkaya ən çox cökə və çiçək balı gətiriblər
Arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkasında arıçılar tərəfindən ən çox cökə və çiçək balı satışa çıxarılıb. Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 33,5 ton cökə və eyni çəkidə çiçək balı gətirilib. Cökə və çiçək balı yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının yarısını təşkil edir.
Bundan başqa, arıçı fermerlər satışa 6,5 ton qaratikan balı, 9 ton may balı, 9,9 ton dağ balı, 2 ton biyan balı, 5,5 ton meşə balı çıxarıblar. Yarmarkada, həmçinin çəmən balı, dağ-çəmən balı, şabalıd balı, yonca balı və digər bal növləri satılır.
Ümumilikdə yarmarkaya 120 tona yaxın arıçılıq məhsulu çıxarılıb. Bunun da 5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Bal yarmarkasında, həmçinin digər arıçılıq məhsulları - mum, propolis, propolis cövhəri, çiçək tozu, güləm, podmor, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr və s. satılır.
Qeyd edək ki, arıçılıq məhsullarının 22-ci sərgi-satış yarmarkası oktyabrın 20-dək davam edəcək.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır.