20 Oktyabr 2022
Ötən il fəaliyyətə başlayan Şamaxı Üzüm Tingçilik Mərkəzi üzüm və digər meyvə tinglərinin istehsalı üzrə dünyanın ən qabaqcıl seleksiya şirkətləri ilə əməkdaşlığı davam etdirir. İspaniyanın “PSB Produccion Vegetal” şirkətilə əldə olunmuş razılaşmaya əsasən tingçilik mərkəzində bu şirkətə məxsus yeni meyvə sortlarının yetişdirilməsi və ixracı təşkil edilir.
İspaniya şirkətinə məxsus olan sortların əsas üstünlüyü biotik və abiotik stres amillərinə davamlı, tez məhsula düşən (2-ci ildən etibarən) və daha məhsuldar olmasıdır. Bu ilin oktyabrın 28-də xarici və yerli mütəxəssislərlə birgə Şamaxı Üzüm Tingçilik Mərkəzində yeni meyvə seleksiya naliyyətlərinin təqdimatı keçiriləcək. Mərkəzdə yeni salınmış kolleksiya bağları, istixana kompleksi, calaq prosesi və tinglər nümayiş etdirildikdən sonra İspaniya şirkətin nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və fermerlərlə birlikdə müzakirələr aparılacaq və iştirakçıların sualları cavablandırılacaq.
Meyvəçiliklə məşğul olan bütün fermerlər, sahibkarlar və mütəxəssislər tədbirə dəvətlidirlər. Əlavə məlumat üçün ibrahim.zulbalayev@agro.gov.az elektron-poçt ünvanına və ya +994 77-308-08-28 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.
Qeyd edək ki, respublikada tingçilik sahəsinin inkişaf etdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin əsas hədəflərindən biridir. Bu baxımdan Şamaxı Üzüm Tingçilik Mərkəzinin yaradılmasında əsas məqsəd respublikanın meyvəçilik təsərrüfatlarını xəstəlik və zərərvericilərdən azad, bəyan edilən sorta doğru və müxtəlif iqlim şəraitlərinə adaptasiya qabiliyyətli əkin materialları ilə təmin etməkdir.