16 Noyabr 2022
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində Göygöl rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və layihəyə müraciət edən qadın fermerlərə dəstək göstərilib.
Təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən fermerlərlə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) görüş keçirilib. Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və qadın fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən natiqlər AFAQ layihəsinin regionlarda aqrar məşğulluğun artırılmasında, qadın fermerlərin aqrar fəaliyyətə təşviqində və ailə təsərrüfatlarının inkişafında mühüm rolu olduğunu vurğulayıb, layihə çərçivəsində göstərilən dəstəyin qadın fermerlərin işini stimullaşdırdığını və onların daha çox gəlir əldə etməsinə imkan yaratdığını bildiriblər.
AFAQ layihəsi çərçivəsində göstərilən budəfəki dəstək tədbirindən Göygöl rayonunun Balçılı, Qırıqlı və Üçbulaq kəndlərindən olan ümumilikdə 7 qadın fermer faydalanıb. Qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib və qiymətləndirmə sorğuları aparılıb. Qiymətləndirmə sorğularına əsasən, qadın fermerlər təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (südçəkən maşın, dənüyüdən avadanlıq, otdoğrayan avadanlıq, arı yeşikləri, arı ailələri, balsüzən avadanlıq və s.) ilə təmin olunublar. Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.
AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bugünədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 181 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 143 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.