Image

Bugünədək tədarük məntəqələrinə 295 min tondan artıq pambıq təhvil verilib

29 Noyabr 2022

Respublikada pambıq yığımı davam edir. Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 28.35 sent/ha təşkil edir.

Pambıq əkini aparılmış 16 rayondan 7-də - Ağcabədi, Beyləqan, Bərdə, Saatlı, Tərtər, Yevlax və Zərdabda orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.

Respublikada pambıq yığımının optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.