Image

Aqrar sığorta sistemi şəbəkəsini genişləndirir

09 Dekabr 2022

Aqrar Sığorta Fondu bölgələrimizdə aqrar sığorta filiallarının açılışını davam etdirir. Payızlıq əkinlərin sığortalanmasına görə müraciətlərin artması ilə bağlı yerlərdə fermerlərə köməklik göstərmək, onları aqrar sığorta qaydaları haqqında məlumatlandırmaq məqsədilə növbəti filial Qubada fəaliyyətə başlayıb.

Quba-Xaçmaz iqtisadi rayonunu əhatə edən filial Quba şəhərinin mərkəzində yerləşir. Filial Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarında fəaliyyət göstərən fermerlərə xidmət edəcək. Qeyd edək ki, bölgə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu iqtisadi rayon əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşıb.

Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan Quba-Xaçmaz iqtisadi rayonunda təkcə bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 8713 aqrar sığorta müqaviləsi üzrə 25000 hektara yaxın əkin sahəsi sığortalanıb. Bura buğda, arpa, soya, qarğıdalı sahələri, fındıq, alma və gilas bağları daxildir. Gəlirlərini qorumaq, fəaliyyətlərininin dayanıqlılığını təmin etmək məqsədilə aqrar sığorta xidmətlərindən istifadə edən fermerlərin sayı günbəgün artır. Quba şəhərinin mərkəzində açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və oprerativ əməkdaşlıq etmək imkanı yaradacaq.

Filialın açılış mərasimində çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən islahatlardan biri olan aqrar sığorta sistemi fəaliyyət göstərdiyi qısa müddət ərzində ölkənin bütün bölgələrində istehsal həcminin təxminən 95%-ni əhatə edib. Bitkiçilik, heyvandarlıq və akvakultura sahəsində sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər. İlin sonuna qədər təkcə bitkiçilik üzrə fermerlərə zərər ödənişlərinin 3 milyon manata çatacağı gözlənilir. Bu gün açılışı olan Quba filialı da Quba-Xaçmaz regionunda fermerlərə daha yaxın olmaq, aqrar sığorta ilə bağlı onlara operativ köməklik göstərmək, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya verməyə dəstək olacaq.