23 Sentyabr 2019
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının növbəti layihəsi olan “AQRO Sosial Media Marketinq” layihəsinə start verib. Layihə Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat" ASC-nin tərəfdaşlığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” təşkilatının təşkilatçılığı ilə həyata keçiriləcək.
Layihənin açılış mərasimi ilə bağlı tədbir Aqrar Tədqiqatlar Mərkəzində baş tutub. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, “Aqrar Tədarük və Təchizat” ASC-nin sədr müavini Sərxan Sərxanov, “Aqrar İnkişaf Könüllüləri” təşkilatının sədri Sarvan Cəbrayılzadə çıxış edib.
Firdovsi Fikrətzadə dövlət tərəfindən insan kapitalının inkişafına göstərilən dəstək fonunda gənclərin şəxsi inkişaf meyllərini, bilik və bacarıqlarını daha da artırmasının vacib olduğunu qeyd edib. O, “AQRO SMM” kimi layihələrin gənclərin aqrar sahə üzrə sosial media vərdişlərinin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. F.Fikrətzadə iştirakçıların layihə ilə bağlı ilkin təəssüratlarını öyrənib və onlara uğurlar arzu edib.
Sərxan Sərxanov isə çıxışında aqrar sahədə sosial məsuliyyət anlayışının gənc nəsillərə aşılanmasının vacib olduğunu bildirib və uyğun marketinqin fermer təsərrüfatlarında inkişafının zəruriliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Sarvan Cəbrayılzadə isə Aqrar İnkişaf Könüllülərinin xidmət sahələri və gələcək hədəflərinə toxunub. Eyni zamanda “Aqrar İnkişaf Könüllüləri” təşkilatının sədri “AQRO SMM” layihəsini gənclərin sosial media vərdişlərinin artırılmasında və tətbiqində mühüm addım adlandırıb və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra iştirakçılar layihədən gözləntilərini açıqlayıblar.