14 Dekabr 2022
Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib. Proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır.
Yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib.
Damazlıq heyvanlar seçildikdən sonra onların təhlükəsiz daşınması üçün hava nəqliyyatının tələblərinə uyğun xüsusi qəfəslər hazırlanıb. Yaklar bu qəfəslərdə təyyarə ilə Azərbaycana gətirilib, Bakıdan irihəcmli yük maşınları ilə dislokasiya nöqtəsinə aparılıb.
Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanların Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilməsi təmin edilib. Hazırda heyvanların yerli şəraitə adaptasiyası prosesi davam edir. Açıq ərazilərdə bəslənəcək yaklar mütəxəssis nəzarətində saxlanır.
Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıqedici lövhələr quraşdırılıb. Heyvanların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən davamlı monitorinqlər keçirilir.
Qeyd edək ki, yak heyvan növünun əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır.
Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir.
Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 m yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.