Image

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu ilə emal müəssisələri arasında əməkdaşlıq genişləndirilir

26 Dekabr 2022

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ)  əməkdaşları Şamaxı rayonu Meysəri kəndindəki üzümçülük və şərabçılıq kompleksində olublar. İlk öncə kompleksin üzüm bağlarında yetişdirilən Mədrəsə, Şirvanşahı, Xindoqnı, Arna-qrna, Bayanşirə və Saperavi üzüm sortlarından alınmış yüksək keyfiyyətli şərabların istehsalı ilə tanış olublar. Yerli torpaq-iqlim şəraitinə uyğun olaraq tənəklərə məqsədəuyğun yükün verilməsi, onların inkişaf qanunauyğunluqları, səciyyəvi əlamətləri, becərilmə texnologiyalarındakı xarakterik xüsusiyyətləri, biokimyəvi və texnoloji potensialları ilə bağlı fikir mübadiləsi aparılıb.

Kompleksin mütəxəssisləri Azərbaycanın yerli texniki üzüm sortlarının yüksək keyfiyyətli milli brendlərin istehsalına imkan verən biokimyəvi və texnoloji potensiala malik olduğunu qeyd ediblər. Bildirilib ki, artıq müəssisədə qiymətli, milli brendlərin istehsalı üçün əvəzsiz xammal mənbəyi olan Bayanşirə (19,22 ha),  Mədrəsə (17,43 ha), Xındoqnı (1,0 ha), Şirvanşahı (7,36 ha), Arna-qrna (3,64 ha) sortlarından ibarət üzüm bağları mövcuddur. Bu milli brendlərin istehsalının artırılması və ixrac potensialının yüksəldilməsi ilə yanaşı, milli üzüm genofondunun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından da əvəzsiz töhfədir.

Görüşdə iqlim dəyişiklikləri fonunda Şamaxı rayonunda da hava şəraitində baş verən tərəddüdlərin üzümün keyfiyyətinə təsirinin optimallaşdırılmasına yönəldilmiş becərmə texnologiyasının müəyyən edilməsi ən vacib məsələ kimi qarşıya qoyulub. Qeyd olunub ki, budama texnologiyası üzümdən yüksək keyfiyyətli məhsulun alınmasını təmin etməklə yanaşı, hazırda dünyada geniş yayılan üzüm tənəyinin gövdə xəstəliklərindən (gav yaxud eskarioz, qara ayaq, ölü kol, qanqren və s.) mühafizəsinə yönəldilməlidir. Eyni zamanda bildiriib ki, müəssisədə becərmə texnologiyaları üzümün bioloji potensialından istifadə edilərək torpaq-iqlim şəraitinin ehtiyatlarından səmərəli istifadəsinə kökləndiyindən yüksək keyfiyyətli (mineral maddələrlə, o cümlədən makro və mikroelemetlərlə zəngin və s.) şərabların alınmasına şərait yaradır.

Daha sonra tarla şəraitində qeyd olunan texniki üzüm sortlarının tənəkləri üzərində yerli torpaq-iqlim şəraitinə uyğun olaraq budama, formavermə qaydaları praktiki olaraq nümayiş etdirilib.