16 Yanvar 2023
Sabahdan vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə işlərinə start verilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə helikopter vasitəsilə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının meşə zolağına aldadıcı yemlər səpəcəklər. Ümumilikdə helikopter vasitəsilə meşələrə marşrut üzrə 600 kilometr məsafədə 18 min aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Mövcud normaya əsasən, meşə zolağında hər 1 km² əraziyə 20-25 doza aldadıcı yem səpilməlidir. Bundan başqa AXA-nın əməkdaşları qeyd olunan ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlər ətrafında müəyyən olunmuş yerlərə əllə 62 min doza aldadıcı yemin səpilməsini təmin edəcəklər.
Ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaranacaq. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.
Aldadıcı yemlər vasitəsilə oral üsulla quduzluğa qarşı peyvəndləmə üsulu ölkəmizdə davamlı tətbiq olunur. 2021-ci ilin may ayında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən azad olunmuş ərazilərdə analoji üsulla vəhşi heyvanlar arasında peyvəndləmə işi həyata keçirilib.
Qeyd edək ki, oral peyvəndləmə yüksək riskli ərazilərdə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.