17 Yanvar 2023
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərin müraciəti əsasında 2022-ci il ərzində Respublika ərazisində 216288,3525 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar), 359989.5092 m³ meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 2254086 m³ saxlanma yeri, 7198 m³ yaş meyvə- tərəvəz (xüsusi kameralar və digər hermetik yerlər), 950800 m² istixana zərərsizləşdirilib.
Keçirilən Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri nəticəsində ölkə ərazisində, sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşmiş, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınmışdır.
Bildiririk ki, zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Mərkəzin fumiqasiya dəstələri tərəfindən sahibkarların müraciəti əsasında beynəlxalq standartların tələblərinə və mövcud təlimata uyğun olaraq operativ və keyfiyyətli fumiqasiya tədbirləri həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (Tel: 012-563-58-45; 050-644-74-15; 070-965-62-14, fumiqasiya@axa.gov.az) müraciət edə bilərsiniz.