Image

Regional Əlaqələndirmə Mərkəzinin ilk iclası keçirilib

14 Yanvar 2023

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərlik etdiyi Regional Əlaqələndirmə Mərkəzinin ilk iclası Balakən rayonunda təşkil olunub.

İclasın keçirilməsində məqsəd müvafiq sərəncamla təsdiq olunan “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi fəaliyyətinə dair Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin koordinasiyalı icrasını təşkil etməkdən ibarətdir.

İclasda AQTA-nın, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak ediblər.

İclasda müvafiq sərəncama uyğun olaraq, qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə olunub və Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin koordinasiyalı icrasını təşkil etməyin vacib olduğu vurğulanıb. Qonşu ölkələrdə bitkiçilik təsərrüfatlarında məhsuldarlığı azaldaraq iqtisadiyyata külli miqdarda ziyan vuran zərərvericinin Azərbaycanda yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlərin vaxtında görülməsinin zəruri olduğu önə çəkilib. Həmçinin iclasda vurğulanıb ki, müvafiq sərəncama uyğun olaraq, bitki və bitkiçilik məhsullarının, eləcə də meşə fondunun qəhvəyi mərmər bağacığından mühafizəsi və ona qarşı mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyi və Meşələrin İnkişafı Xidməti tərəfindən həyata keçiriləcək. Aqrar Xidmətlər Agentliyi və Meşələrin İnkişafı Xidməti bitki mühafizəsi və zərərvericiyə qarşı mübarizə tədbirlərinin operativ şəkildə həyata keçirilməsi məqsədilə tələbata uyğun zəruri vasitələrin mərhələli şəkildə alınmasını da təmin edəcək. Eləcə də Aqrar Xidmətlər Agentliyi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə gömrük-sərhəd buraxılış məntəqələrində və yük qatarlarında qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin aparılmasını təşkil edəcək.

Regional Əlaqələndirmə Mərkəzinin nümayəndələri Mazımçay sərhəd-keçid məntəqəsində nəqliyyat vasitələrinin dezinfeksiya sahəsinə də baxış keçirib, yaradılan infrastrukturla tanış olub və müvafiq göstərişlər veriblər.

Sonda aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Regional Əlaqələndirmə Mərkəzinin iclaslarının mütəmadi keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Balakən rayonunda Regional Əlaqələndirmə Mərkəzinin Qərargahı yaradılıb. Qərargah daimi əsaslarla fəaliyyət göstərəcək və görülən bütün tədbirlərin məlumatları Qərargahın elektron bazasında yerləşdiriləcək. Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumları tərəfindən qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə əhali arasında maarifləndirmə tədbirləri də həyata keçirilir. Hazırda zərərvericinin yayıldığı ərazilərdə əhalinin maarifləndirilməsi üçün təbliğat-təşviqat işləri aparılır, bukletlər paylanır.