Image

Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı Bolonya Universitetində doktorantura təhsili alacaq

25 Yanvar 2023

Aqrar Tədqiqatlar Mərkəzinin Data Analitika və Coğrafi Məlumatlar Departamentinin direktor müavini, Coğrafi məlumatlar bölməsinin rəhbəri Günay Həsənli dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından olan Bolonya Universitetində doktorantura təhsili alacaq.

Əməkdaşımız ADA Universitetinin nəzdində yaradılmış İtaliya-Azərbaycan Universitetində aparılan qəbul prosesindən uğurla keçərək Bolonya Universitetinin 38-ci çağırışına əsasən “Kənd təsərrüfatı, ətraf mühit, qida elmləri və texnologiyası” üzrə doktorantura proqramına qəbul olunub.

G. Həsənli qarşıdakı 3 il ərzində “Kənd təsərrüfatı mühəndisliyi” ixtisası üzrə “Qlobal iqlim dəyişmələrinin kənd təsərrüfatı bitkilərinə təsiri” mövzusunda elmi-tədqiqat işini yerinə yetirəcək.

Tədqiqat işinin məqsədi iqlim dəyişmələrinin kənd təsərrüfatı bitkilərinə təsirini proqnozlaşdırmaqdır. Bu cür tədqiqatların həm İtaliyada, həm də Azərbaycanda aparılması nəzərdə tutulur. Tədqiqatın aparılması üçün coğrafi informasiya sistemlərindən (GİS) və məsafədən zondlama (Remote sensing) texnologiyasından istifadə ediləcək.

Bu məsələ hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da prioritet elmi-tədqiqat mövzusudur. Bu sahədə Aqrar Tədqiqatlar Mərkəzində müvafiq işlərə başlanılıb. Mərkəzin elmi-tədqiqat planına “İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin qiymətləndirilməsi və proqnozlaşdırılması” mövzusu daxil edilib, iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin öyrənilməsinə mövcud yanaşmalar təhlil olunub, bu təsirin aqroekoloji, Rikardian, Panel-Sabit effekt, inteqrasiya edilmiş qiymətləndirmə və maşın öyrənilməsi modelləri əsasında qiymətləndirilməsi və proqnozlaşdırılması üzrə beynəlxalq təcrübə araşdırılıb. Eləcə də yağıntıların miqdarı, intensivliyi, temperatur və istilik stressi kimi iqlim göstəricilərinin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi metodları öyrənilib. Temperatur, yağıntı və digər zəruri göstəricilərlə bağlı verilənlər bazasının formalaşdırılması üzrə zəruri fəaliyyətlər davam etdirilir.

Əməkdaşımızın İtaliyada alacağı akademik təhsil, elmi biliklər və təcrübə isə bu işlərin davam etdirilməsi üçün yeni imkanlar yaradacaq.