Image

2022-ci il mövsümündə sahələrdən 322300 ton pambıq yığılıb

31 Yanvar 2023

Pambıq üzrə orta məhsuldarlıq göstəricisi 2,42 sentner artıb

2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322300 ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib.

Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də tarlalardan 35259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2,42 sent/ha artıb.

Məhsuldarlığın artmasında sahələrdə düzgün aqrotexniki qulluq aparılması, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizənin təşkili, yığım prosesinin 100 faizə yaxın müasir pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilməsi, texnikaların yığımdan əvvəl düzgün dislokasiyası, gübrə və pestisid ilə lazımi təminat, düzgün toxum seçimi və digər amillər əsas rol oynayıb.

Ümumilikdə başa çatmış mövsümdə məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub ki, bu da məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verib.

Qeyd edək ki, dövlət dəstəyinin genişləndirilıməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alnırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığn alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.