Image

Bakıda II Aqrobiznesin İnkişafı Forumu keçirilib

01 Fevral 2023

Bakıda Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkilatçılığı ilə II Aqrobiznesin İnkişafı Forumu keçirilib. Tədbirdə Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri, hər iki Nazirliyin tabeli qurumlarının, Mərkəzi Bankın, Azərbaycan Banklar Assosiasiyasının, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Artıq ikinci ildir təşkil olunan forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir. 

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri elan olunub. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində bu sahənin davamlı inkişafı təmin edilib. Nəticədə 2022-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb. Aqrar sahənin inkişafı istiqamətində dövlət dəstəyi tədbirlərinin davam etdirildiyini deyən nazir müavini əlavə edib ki, aqrar-emal sahələrinin və bazar infrastrukturunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən hesab olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kənd təsərrüfatının inkişafı, bu sahədə sahibkarlıq fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, Agentlik kənd yerlərində sahibkarlığın və KOB-ların inkişafına, onların rəqabətqabiliyyətinin artırılmasına yönəlik proqramların icrasına dəstək göstərir və bu məqsədlə müxtəlif təşkilatlarla əməkdaşlıq edir. Orxan Məmmədov KOBİA-nın aqrobiznes fəaliyyətinin qurulmasına və inkişafına göstərdiyi dəstək və xidmətlər, o cümlədən “Bakı KOB evi”ndə sahibkarlara göstərilən kənd təsərrüfatı və qida təhlükəsizliyi ilə bağlı xidmətlər barədə məlumat verib.

Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev aqrobiznes sektorunun mövcud potensialı və investisiya perspektivləri, o cümlədən bu sahənin inkişafı ilə bağlı dövlət-özəl sektor əməkdaşlığı və digər  məsələlərə toxunublar.

Daha sonra kənd təsərrüfatında dövlət dəstəyinin təmin edilməsində, kiçik və orta fermerlərin istehsal vasitələri ilə təmin olunmasında, fermerlərin dövlət vəsaiti hesabına kreditləşməsində, aqrar maliyyələşmə sahəsində yeni innovativ məhsulların təqdim edilməsində iştirak edən özəl sektor subtektlərinə mükafatlar təqdim olunub.

Aqrobiznesin İnkişafı Forumu öz işini panel sessiyalarla davam etdirib. Panellərdə aqrar sahənin investisiya imkanları və yeni çağırışlar, aqrar biznes sektorunda inkişaf dinamikasının müəyyənləşdirilməsi, mövcud potensialın qiymətləndirilməsi, investisiya perspektivləri, bu istiqamətdə qabaqcıl təcrübələr, aqrar sahəyə innovativ yanaşmaların tətbiqi yolu ilə dövlət və özəl sektorun birgə kapital investisiyası imkanları, o cümlədən dəyər və təchizat zənciri iştirakçıları ilə mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələləri barədə müzakirələr aparılıb.