Image

Nanotexnologiyaların meyvəçilikdə tətbiqi sahəsində tədqiqatlar aparılacaq

17 Fevral 2023

Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin (MAKA) Ekologiya İnstitutu arasında elmi-texniki işlərin aparılmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən birgə əməkdaşlıq çərçivəsində nanokompozitlər əsasında yeni gübrələrin alınma texnologiyasının meyvəçiliyə tətbiqi və nanohissəciklərin meyvə bitkilərinin inkişafına təsirinin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparılacaq.

İmzalanma mərasimində Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunun direktoru Bəhram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti haqqında ətraflı məlumatlandırılıb.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı icra olunan yeni layihələr haqqında danışıb.

Ekologiya İnstitutunun nanotexnoloji şöbəsinin rəis müavini Ceyran Sultanova və həmin şöbənin elmi işçisi Lamiyə İsmayılova nanotexnoloji tədqiqatlar və nanotexnologiyanın alma bitkisinin məhsuldarlığına təsirinin tədqiqi mövzusunda çıxış ediblər.

Bu sahədə institutun elmi işçilərini maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.