Image

Azərbaycanda ilk dəfə Respublika toxum sərgi-satış yarmarkası keçiriləcək

01 Oktyabr 2019

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Respublika toxum sərgi-satış yarmarkası keçiriləcək.

Oktyabrın 4-də Hacıqabul rayonunda keçiriləcək yarmarkada Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, fermerlər iştirak edəcəklər.

Yarmarkanın keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək.

Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.