Image

“ECOserve” proqramı çərçivəsində su resurslarına tələbatın təhlilinin modelləşdirilməsi mövzusunda təlim keçirilib

06 Mart 2023

“Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” (ECOserve) proqramı çərçivəsində dayanıqlı kənd təsərrüfatı üçün su resurslarına tələbatın təhlilinin modelləşdirilməsi mövzusunda təlim keçilib. Kənd Təsərrüfatı Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə partniyorluq çərçivəsində icra olunan ECOserve proqramı çərçivəsində beynəlxalq ekspert tərəfindən keçirilən təlimdə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsi, Aqrar Tədqiqatlar Mərkəzi, Azərbaycan Respublikasının Kosmik Agentliyi, Milli Aerokosmik Agentliyinin mütəxəssisləri iştirak ediblər.

Təlimdə peyk təsvirlərindən və və Coğrafi İnformasiya Sistemləri (CİS) məlumatlarının təhlili zamanı proqramlaşdırma vasitələrindən istifadənin əhəmiyyəti barədə təqdimat keçirilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalında suvarma suyundan səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Qlobal iqlim dəyişikliyi fonunda dünyanın əksər ölkələrində aqrar sahədə su resurslarının səmərəli idarə edilməsi vacibdir. Vurğulanıb ki, proqnozlaşdırılan su resurslarının azalması suvarmanın düzgün idarə edilməsini və suya tələbatın dəqiq hesablanmasını zəruri edir.

Qeyd olunub ki, ECOserve proqramı çərçivəsində aidiyyatı qurumlarla birlikdə kənd təsərrüfatı sektorunda sudan davamlı istifadə ilə bağlı məlumatlar toplanılıb, təhlillər aparılıb və suvarma suyuna tələbatın analizi məqsədilə yeni yanaşma hazırlanıb. Ölkə üzrə bitkilərin suya olan tələbatının qiymətləndirilməsi məsafədən zondlama ilə torpaq təsnifatı, bulud hesablamaları və CİS mühitində su balansı sxeminin tətbiqi vasitəsilə həyata keçirilib. Bu tədqiqat regionda tələb olunan dayanıqlı su siyasətinin həyata keçirilməsi vacib olan ərazidə su ehtiyatlarının suvarmada istifadəsi üzrə məlumat çatışmazlığını aradan qaldırmağa kömək edəcək.

Qeyd edək ki, “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” (ECOserve) proqramının əsas məqsədi təbii ehtiyatlardan davamlı və ekoloji cəhətdən təmiz istifadəni təşviq etməkdir. Proqram çərçivəsində ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, suvarma suyuna olan tələbatın təhlili, kənd təsərrüfatında təbii ehtiyatlardan davamlı istifadə, hüquqi çərçivənin təkmilləşdirilməsiilə bağlı təlimçilər və fermerlər üçün təlimlər keçirilib, ekskursiyalar təşkil olunub.