Image

"Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar" - Aqrar Tədqiqatlar Mərkəzi beynəlxalq konfrans keçirəcək

30 Mart 2023

Kənd təsərrüfatı fəaliyyəti iqlim və bazar amillərinin təsirlərinə qarşı yüksək dərəcədə həssas olması ilə əlaqədar kifayət qədər riskli və çətin proqnozlaşdırılan fəaliyyət sahəsidir. Aqrar sektorun dayanıqlı inkişafının təmin olunması baxımından isə bu amillərin təsirlərinin düzgün şəkildə qiymətləndirilməsi və proqnozlaşdırılması, bununla da kənd təsərrüfatı fəaliyyəti ilə bağlı həm təsərrüfatlar səviyyəsində biznes qərarlarının, həm də sahə üzrə effektiv siyasət qərarlarının bu proqnozlar əsasında qəbul edilməsi tələb olunur.

Müasir dövrdə müxtəlif amillərin kənd təsərrüfatına təsirlərinin proqnozlaşdırılması ilə bağlı çoxsaylı tədqiqatlar aparılır. Buraya iqlim (temperatur, yağıntı, rütubət və s.), qiymət, tələb/təklif və digər məlumatlar əsasında məhsuldarlıq, istehsal, satış, idxal/ixracla əlaqədar mikro proqnozların verilməsindən tutmuş, çoxsaylı mürəkkəb proseslərin modelləşdirilməsi əsasında makroiqtisadi proqnozların verilməsinə qədər ən müxtəlif tədqiqatlar daxildir. Xüsusilə də Avropa Birliyi ölkələrinin kənd təsərrüfatı sahəsi üzrə modelləşmə və proqnozlaşdırma ilə bağlı həyata keçirdikləri tədqiqatlar diqqətəlayiqdir. Bu ölkələrdə kənd təsərrüfatı ilə bağlı iqtisadi fəaliyyətlərin müxtəlif simulyasiya modelləri (AGMEMOD, CAPRİ, AgLink Cosimo və s.) vasitəsilə qiymətləndirilməsi sahəsində zəngin təcrübə toplanmışdır. Bu təcrübənin öyrənilməsi və nəzərdən keçirilən istiqamət üzrə aparılan tədqiqatların nəticələri əsasında kənd təsərrüfatı sahəsi ilə bağlı rasional qərarların qəbul edilməsi bütünlükdə dünya üçün ən mühüm problemlərdən biri kimi çıxış edən ərzaq təhlükəsizliyinin effektiv şəkildə təmin olunmasına öz töhfəsini verir.

Bu baxımdan müasir dövrdə ayrı-ayrı alimlər, tədqiqatçılar və sahə ilə əlaqəli digər ekspertlər və təşkilatlar tərəfindən kənd təsərrüfatı sahəsi üzrə proqnozlaşdırma ilə əlaqədar aparılmış tədqiqatlar, habelə bu tədqiqatların aparılması üçün istifadə olunan metodologiyalarla bağlı məlumat və təcrübələrin mübadiləsinə ehtiyac vardır.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi bu təcrübələri bölüşmək üçün yerli və xarici tərəfdaşlarla birlikdə dünyanın müxtəlif ölkələrinin tədqiqatçı və ekspertlərini bir araya gətirmək məqsədilə “Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar” adlı beynəlxalq konfrans təşkil edir.

Konfransın keçirilməsində əsas məqsəd inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində tətbiq olunan modelləşdirmə və proqnozlaşdırma metodları ilə bağlı bilik və təcrübələrin digər dünya ölkələri ilə mübadiləsi, bu sahədə tədqiqat işlərinə və təhlil alətlərinə əlçatanlığın artırılması, eləcə də elmi-tədqiqat sahəsində beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsinə xidmət edən platformanın təşkil edilməslidir.

Konfrans çərçivəsində iştirakçıların Avropa Birliyi ölkələri tərəfindən kənd təsərrüfatı sahəsində tətbiq olunan modellər və proqnozlaşdırma metodları, həmçinin digər ölkələrdə aqrar sahənin modelləşdirilməsi və proqnozlaşdırılması sahəsində mövcud olan təcrübələr, konseptual yanaşmalarla bağlı məlumatlar və praktiki biliklər əldə etmələri üçün müzakirələr təşkil ediləcəkdir.

Konfrans 22-23 may 2024-cü il tarixində Bakı şəhərində hibrid (canlı və on-line) formada təşkil olunacaq.

Konfransın aşağıdakı bölmələr üzrə təşkil olunması nəzərdə tutulur:

- Dövlət rəsmilərinin və beynəlxalq təşkilatların nümayəndələrinin mövzu ilə bağlı mesajları.

- İnkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan proqnozlaşdırma metodları və alətləri barədə təqdimatlar.

- İnkişaf etməkdə olan ölkələrdə, xüsusilə də region ölkələrində bu sahədə mövcud vəziyyət, təcrübələr və təşəbbüslər.

- Tədqiqatçıların kənd təsərrüfatının proqnozlaşdırılması metodları və alətləri tətbiq olunmaqla apardıqları tədqiqat işlərinin nəticələrinə dair müzakirələr.

Həmçinin konfransa kənd təsərrüfatı iqtisadiyyatı və ərzaq təhlükəsizliyi problemləri üzrə statistik, ekonometrik, maşın öyrənilməsi (machine learning) və digər modelləşdirmə metodlarından istifadə edilməklə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinin əks olunduğu məqalələr göndərilə bilər.

Tədqiqat işləri kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi məsələləri üzrə milli, regional və qlobal səviyyədə əhəmiyyət kəsb edən aşağıdakı mövzuları əhatə edə bilər:

- Kənd təsərrüfatı sahəsində artımın proqnozlaşdırılması;

- Kənd təsərrüfatı sahəsinin dayanıqlı inkişafına təsir edən amillərin qiymətləndirilməsi;

- Kənd təsərrüfatı sahəsində dövlət tənzimləməsinin effektivliyinin qiymətləndirilməsi;

- Kənd təsərrüfatı sahəsi ilə iqtisadiyyatın digər sahələri arasında qarşılıqlı təsirlərin qiymətləndirilməsi;

- Kənd təsərrüfatı sahəsində investisiya qoyuluşlarının təsirlərinin proqnoz qiymətləndirilməsi;

- Kənd təsərrüfatı sahəsi üzrə ticarət siyasətinin və qlobal dəyər zəncirinə inteqrasiyanın təsirlərinin qiymətləndirilməsi;

- Kənd təsərrüfatında innovasiyaların tətbiqinin effektivliyinin qiymətləndirilməsi;

- İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin qiymətləndirilməsi.

Konfransa haqda ətraflı məlumat üçün aşağıdakı linkə keçid edin:

 http://agroprojectionsconference.az/