02 Oktyabr 2019
Oktyabrın 15-də Aqrar Tədqiqatlar Mərkəzinin “Aqrar Tədqiqatçıların Müzakirə Platforması”nın (ATM Platforması) ilk təqdimatı keçiriləcək.
“Aqrar sahədə peşəkar tədqiqat və təhlillərin aparılması üçün məlumat bazaları” adlı seminar Mərkəzin gənc tədqiqatçısı, Tədqiqatlar departamentinin müdir müavini, Ərzaq təhlükəsizliyi və aqrar sahədə dövlət dəstəyi siyasəti bölməsinin rəhbəri Pərviz Əliyevin moderatorluğu ilə keçiriləcək. ATM Platformasında universitetlərin, tədqiqat mərkəzlərinin, dövlət qurumlarının və şirkətlərin gənc əməkdaşları iştiraka dəvət olunur.
Seminarda statistik məlumat bazaları ilə bərabər, Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən qurulmuş məlumat bazaları, habelə beynəlxalq məlumat bazaları əsasında hazırlanmış hesabatlar haqda məlumat veriləcək, müzakirələr aparılacaq.
Seminar Aqrar Tədqiqatlar Mərkəzinin ofisində (Bakı şəhəri, Nizami küçəsi, 92) 2019-cu il oktyabrın 15-də saat 16.00-da təşkil olunacaq.
Qeyd edək ki, ATM Platformasının ayda bir dəfə olmaqla mütəmadi keçirilməsi nəzərdə tutulur. Platformada hər dəfə bir aktual mövzu üzrə ATM-in və digər qurumların gənc tədqiqatçıları tərəfindən təqdimatlar ediləcək.