06 Aprel 2023
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanın müxtəlif bölgələrində becərilən meyvə bitkilərinin zərərverən orqanizmləri ilə mübarizə işlərinin təkmilləşdirilməsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Xidmətlər Agentliyi, ətraf rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, elmi-tədqiqat institutlarının direktorları, təcrübə stansiyalarının rəhbərləri, aqrar şirkətlərin təmsilçiləri, Azərbaycan Dövləq Aqrar Universitetinin müəllim heyəti və bağçılıqla məşğul olan fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov qeyd edib ki, meyvəçilik kənd təsərrüfatının mühüm sahələrindən biridir. O bildirib ki, Azərbaycanın aqrar sahəsinin inkişaf modelini quran ümumilli lider Heydər Əliyevin bu sahənin inkişafında çox böyük xidmətləri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sektorun inkişafı prioritet istiqamətlərindən biri elan edilib.
Qeyd olunub ki, son illərdə respublikamızda kənd təsərrüfatının əksər sahələri kimi meyvəçiliyin inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Ölkənin torpaq iqlim şəraiti burada tumlu, çəyirdəkli, qərzəkli, subtropik quru subtropik və sitrus meyvələrini becərməyə imkan verir. İbrahim Cəfərov əlavə edib ki, institutun elmi işçilərinin əsas vəzifəsi ölkəmizdə becərilən müxtəlif meyvə bitkilərinin xəstəlik, zərərverici və alaq otlarını öyrənməklə bu zərərverən orqanizmlərə qarşı elmi əsasları olan mübarizə tədbirlərini öyrənməkdir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bildirib ki, son illər ölkədə aqrar sahənin digər istiqamətləri kimi meyvəçiliyin inkişafı məqsədilə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Yeni intensiv və superintensiv bağlara görə subsidiyaların artırılması, ixrac potensialı yüksək olan meyvə bağlarının salınmasına görə birdəfəlik əkin subsidiyasının verilməsi və digər stimullaşdırıcı tədbirlər fermer və sahibkarların bu sahəyə marağını artırıb. Nəticədə ölkədə hər il salınan müasir bağların sahəsi daha da artır, bu isə məhsul istehsalının artmasını təmin edir.
Tədbirdə çıxış edən professor Hatice Özaktan meyvə bitkilərinin bakterial xəstəlikləri haqqında təqdimatla çıxış edib. Daha sonra institutun əməkdaşları meyvə bağlarında aktual olan xəstəlik və zərərvericilər, onlara qarşı mübarizə tədbirləri barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər, mövzu ətrafında fikir mübadiləsi aparılıb.