12 Aprel 2023
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssisləri tərəfindən əkin sahələrində siçanabənzər gəmiricilərin geniş yayılmasının qarşısının alınması məqsədi ilə müşahidə və mübarizə tədbirləri həyata keçirilir. Cari ilin yanvar ayından bugünədək 197789 hektar sahədə müşahidələr aparılmış, 161676 hektar sahədə sirayətlənmə aşkar edilmiş, 1948 hektar sahədə mexaniki mübarizə və 154574 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Bildiririk ki, çöl siçanları kənd təsərrüfatı bitkiləri üçün böyük təhlükə törədir. Onların vurduğu ziyan toxumların cücərməsi dövründən başlayır, dənin yetişmə dövrünə qədər davam edir. Çöl siçanlarına qarşı mübarizə bir hektarda işlək yuvaların sayı payız mövsümündə 50, erkən yazda 75, yaz mövsümündə 100 yuva olduqda aparılır.
Mübarizə tədbirləri:
- Xam yerlərin və dincə qoyulmuş torpaqların şumlanması və suvarılması;
- Sahə, arx və yol kənarlarının alaqlardan təmizlənməsi və şumlanması;
- Sahənin kimyəvi və mexaniki üsullarla alaqlardan təmizlənməsi;
- Bitki qalıqlarının sahədən təmizlənməsi;
- Məhsul yığımından sonra kövşənliyin üzlənməsi, erkən şumun aparılması;
- Dondurma suyunun verilməsi;
- Payızda cavan tinglərin gövdələrinin qoruyucu vasitələrlə işlənməsi;
Zəhərli yemin hazırlanması, daşınması və yuvalara qoyulması zamanı xüsusi geyim formalarından, əlcək və respiratordan istifadə edilməli, dərmanlanmış sahələr xəbərdarlıqedici nişanlarla təmin olunmalıdır.
Kimyəvi mübarizə məqsədi ilə sink-fosfid preparatı ilə aldadıcı yem hazırlanır və hər işlək yuvaya 3 qr hesabı ilə aldadıcı yem qoyulur.
Fermerlərə bu zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə AXA-nın yerli qurumlarına müraciət etməsi tövsiyə olunur.