Image

Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan 2784 təlimdə 46320 fermer iştirak edib

02 Oktyabr 2019

Bu il fermerlərə 2784 təlim və seminar keçirilib. Aqrar sahənin müxtəlif istiqamətlərini əhatə edən təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən hazırlanmış Fəaliyyət Planına uyğun təşkil olunur. Bu ilin 9 ayı ərzində keçirilən təlimlərə 46320 fermer və kənd təsərrüfatı məhsulu istehsalçısı cəlb olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, həftə ərzində Aqrar Xidmətlər Agentliyi tərəfindən heyvandarlıq, toxumçuluq və kənd təsərrüfatı texnikalarının istismarı üzrə respublikanın 12 müxtəlif rayonunda 13 təlim keçirilib və təlimlərdə 181 fermer və məhsul istehsalçısı iştirak edib.

Fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında keçirilir.

Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən isə Bakı şəhərində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə dair 2 təlim təşkil olunub və təlimlərə 7 nəfər cəlb edilib.

Yeni Subsidiya Qaydalarının tətbiqi ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən cari həftə ərzində 2 rayonda 734 nəfərə 29 təlim, 16-27 sentyabr tarixlərində isə 2563 nəfərə 94 təlim keçirilib.

Bundan əlavə, Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları tərəfindən avqust-sentyabr aylarında 1484 təlim keçirilib və təlimlərə 22118 fermer cəlb olunub. Ümumilikdə yeni subsidiya qaydaları üzrə 1578 təlimdə 24681 nəfər iştirak edib.

Həmçinin “Aqroinfo” informasiya sisteminin tam şəkildə fəaliyyət göstərməsi üçün plan hazırlanıb və müvafiq məsul şəxslərin seçimi keçirilməkdədir.

Xatırladaq ki, sentyabrın 23-27-də “Təlimçilər üçün Təlimlər” layihəsinin ilk qrupuna təlimlər baş tutub. Təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının 12 əməkdaşı iştirak edib.

Fəaliyyət Planına uyğun olaraq təlimlərin keçirilməsi davam etdirilir.