Image

Azərbaycanın Kənd Təsərrüfatı naziri Yeni Akiten regionunun vitse-prezidenti və Bordo şəhərinin meri ilə görüşüb

04 Oktyabr 2019

Azərbaycanın Fransada səfərdə olan Kənd Təsərrüfatı naziri İnam Kərimov Bordo şəhərinin meri Nikola Floryan və Yeni-Akiten regionunun vitse-prezidenti Jan-Pyer Reno ilə görüşüb.

Nazir İnam Kərimov görüşlərdə kənd təsərrüfatı sahəsində ölkəmizdə aparılan islahatlardan söz açıb, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Həmçinin iki ölkə arasında bu sahədə mövcud əməkdaşlıqdan danışıb.

Qeyd olunub ki, Bakı və Bordo şəhərləri 1979-cu ildən qardaşlaşıb. Hər iki şəhərin sakinlərinin bir-birini, eləcə də mədəniyyətlərini yaxından tanımasını təşviq etmək üçün əməkdaşlıq əlaqələri genişləndirilməlidir.

Ölkəmizin kənd təsərrüfatı sahəsində də Fransa ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən nazir Nikola Floryanı Azərbaycana səfərə dəvət edib.

Nikola Floryan Bordo-Bakı əməkdaşlığını yüksək qiymətləndirərək onun daha da dərinləşdirilməsində maraqlı olduğunu söyləyib. Dəvəti qəbul edən Bordo meri qarşıdan gələn bələdiyyə seçkilərindən sonra ölkəmizə səfər edəcəyini bildirib.

Bordoya səfəri çərçivəsində Kənd Təsərrüfatı naziri yerli şərab şirkətində də olub, üzümçülük və şərabçılıq sahələrinin inkişafına göstərilən dövlət dəstəyi ilə maraqlanıb.

Yeni-Akiten regionunun vitse-prezidenti Jan-Pyer Reno ilə görüşdə isə regionun kənd təsərrüfatı haqqında ətraflı məlumat verilib. Jan-Pyer Reno Yeni Akiten regionunda əsasən ətlik istiqamətli iribuynuzlu cins heyvanların bəsləndiyini bildirib, üzümçülük və şərabçılığın inkişafından söz açıb.

Nazir İnam Kərimov Fransa şirkətlərini ölkəmizdə hər il keçirilən “CaspianAgro” beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.