15 Oktyabr 2019
Bu gün Aqrar Tədqiqatlar Mərkəzinin “Aqrar Tədqiqatçıların Müzakirə Platforması”nın (ATM Platforması) ilk təqdimatı keçirilib.
Təqdimatda Kənd Təsərrüfatı nazirinin müşaviri Anar Hüseynov, Mərkəzin direktoru Firdovsi Fikrətzadə, tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, UNEC-in müəllimi İbrahim Babayev, eləcə də gənc tədqiqatçılar, müxtəlif universitetlərin tələbələri iştirak edib.
Tədbirdə çıxış edən Firdovsi Fikrətzadə qonaqları və gənc tədqiqatçıları salamlayıb, ATM Platformasının formatı, məqsədi və hədəfləri barədə məlumat verib. Qeyd edib ki, gənc tədqiqatçıların müzakirə platforması ayda bir dəfə toplaşmaqla iştirakçıların özlərinin müəyyən etdikləri mövzular ətrafında müzakirələri, interaktiv təqdimatları nəzərdə tutur. Sərbəst atmosferdə keçən Platformaya dəvət sosial şəbəkə üzərindən həyata keçirilir.
Sonra Anar Hüseynov çıxış edərək belə bir Platformanın yaradılmasının gənc tədqiqatçıların təcrübə toplamaları, biliklərini artırmaları baxımından mühüm addım olduğunu deyib. O, aqrar sahə ilə bağlı savadlı tədqiqatçılara ehtiyac olduğunu vurğulayıb, bu Platformada neçə-neçə tədqiqatçının yetişəcəyinə inandığını bildirib.
Vüqar Bayramov isə çıxışında informasiyanın günümüzdə ən qiymətli resurs olduğunu qeyd edib, tədqiqatçı üçün məlumatın, məlumat bazasının vacibliyinə diqqət çəkib. Tanınmış ekspert Aqrar Tədqiqatlar Mərkəzinin təşəbbüsünü alqışlayıb, ATM Platformasının gənc tədqiqatçılara fikir mübadiləsi apara bilmələri, bir-birilərinin təcrübələrindən yararlana bilmələri baxımından yardımçı olacağını deyib.
UNEC-in müəllimi İbrahim Babayev aqrar sahənin ölkə başçısı tərəfindən prioritet elan olunduğunu, buna görə də savadlı kənd təsərrüfatı mütəxəssislərinə ehtiyac olduğunu qeyd edib. Bildirib ki, ATM Platforması da bu ehtiyacın qarşılanmasında müəyyən rol oynaya bilər.
Daha sonra Aqrar Tədqiqatlar Mərkəzinin gənc tədqiqatçısı, Tədqiqatlar departamentinin müdir müavini, Ərzaq təhlükəsizliyi və aqrar sahədə dövlət dəstəyi siyasəti bölməsinin rəhbəri Pərviz Əliyev “Aqrar sahədə peşəkar tədqiqat və təhlillərin aparılması üçün məlumat bazaları” adlı təqdimat edib.
Təqdimatda statistik məlumat bazaları ilə yanaşı, Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən qurulmuş məlumat bazaları, habelə beynəlxalq məlumat bazaları əsasında hazırlanmış hesabatlar haqda məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.