Image

Üzüm sahələrində yaşıl əməliyyatla bağlı tədbirlər davam etdirilir

21 İyun 2023

Respublikanın müxtəlif bölgələrində hava şəraitindən asılı olaraq üzümçülük təsərrüfatlarında yaşıl əməliyyatla bağlı tədbirlər həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları tərəfindən Qax rayonunun fermer təsərrüfat sahəsində “Yaşıl əməliyyat məhsuldarlığın və məhsulun keyfiyyətinin formalaşmasında, məhsulun xəstəlik və zərərvericilərdən, o cümlədən bir çox ekoloji risk amillərindən  qorunmada mühim rol oynayır” adlı tarla seminarı keçirilib. Seminar zamanı ÜŞETİ-nin mütəxəssisləri Vüqar Səlimov və Azər Şükürov üzümçülükdə yaşıl əməliyyatların bir neçə mərhələdə aparıldığını vurğulayıblar.

Bildirilib ki, yaşıl əməliyyatlar bölgənin və sortun xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Hazırda respublikanın əksər üzümlüklərində (düzən ərazilərdə) çiçəkləmə başa çatmış, gilələrin formalaşması mərhələsi başlamışdır. Bu mərhələdə ikinci bicvurma, yarpaq alma, yaxud yarpaq qoparma və yaşıl zoğların bağlanması həyata keçirilir. 

Nəmli və sərin bölgələrdə sıx əkilmiş üzüm bağlarında yarpaqlar üzüm salxımlarını kölgələyərək ona işıq düşməsinin qarşısını alır, gilələrin rəng alması və intensivləşməsi azalır. Hətta havalanma getmədiyindən göbələk xəstəliklərinin inkişafı intensivləşir. Bunların qarşısını almaq üçün salxımlara kölgə salan yarpaqlar qoparılır. Ancaq yarpaq qoparma elə aparılmalıdır ki, fotosintezin intensivliyi azalmasın. Bu prosesi həyata keçirərkən ən vacib məqam iyun ayının ortalarında temperatur sıçrayışı və kəskin temperatur artımına qədər yarpaq qoparma əməliyyatının başa çatdırılmasıdır. Əgər bu proses gecikərsə gilələrdə gün yanıqları əmələ gələr və bu da məhsuldarlığa mənfi təsir göstərər.