05 İyul 2023
Beyləqanda “ağıllı kənd təsərrüfatı” təcrübəsinə uyğun becərilən buğda sahəsində yüksək məhsuldarlıq əldə edilib. Hava, torpaq və qida maddələrindən səmərəli istifadə etməklə əkilən 1 hektar sahədən 80 sentner məhsul yığılıb.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra addımlar atılır. Belə layihələrdən biri də Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) və Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən layihədir. AEBA tərəfindən hazırlanan buğda istehsalında “ağıllı kənd təsərrüfatı təcrübəsi” metodlarının mərhələli tətbiqi əsasında 3 bölgədə fermer təsərrüfatlarında nümayiş əkinlər gerçəkləşib. AEBA-nın koordinatoru Nəzakət İsmayılzadə bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il Kənd Təsərrüfatı Nazirliyi və AEBA ilə birlikdə təbii resursların, yəni torpaq, su və qida maddələrinin səmərəli istifadəsi hesabına buğda istehsalının artırılmasını hədəfə alan layihə konsepsiyası hazırlanıb. Layihənin əsas məqsədi qlobal istiləşmə şəraitində Azərbaycanda buğda istehsalının artırılması üçün “ağıllı kənd təsərrüfatı” təcrübələrinin genişləndirilməsi və yayılmasını təmin etməkdir. Bu məqsədlə üç rayonda - Bərdə, Beyləqan və Sabirabadda 3 hektar ərazidə 3 metod olmaqla təcrübə əkinləri həyata keçirilib. Bunlardan biri ənənəvi metoddur ki, burada fermer təcrübəsindən istifadə olunub. İkincisi ən yaxşı regional metoddur ki, burada Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təcrübəsindən istifadə edilib. Üçüncü metod isə “ağıllı kənd təsərrüfatı” təcrübələrinə uyğun olaraq aparılan əkin işidir k, burada AEBA-nın eksperti Muhamməd Zamanın təklif etdiyi metod tətbiq edilib. Sahələrə baxış zamanı görmək mümkündür ki, “ağıllı kənd təsərrüfatı” təcrübələri əsasında becərilən taxıl sahəsi daha çox məhsul verib. Həmçinin bu layihənin daha səmərəli istifadəsi üçün bir qrup azərbaycanlı mütəxəssis mart ayında Pakistanın Feslabad və İslamabad şəhərlərində keçirilən təlimdə iştirak edib. Qarşıdakı hədəf isə buğda istehsalında əldə olunan yüksək nəticələri gələcəkdə daha geniş fermer təsərrüfatlarında tətbiq etməkdir.
Üç bölgə üzrə aparılan nümayiş əkinlər arasında ən yüksək məhsuldarlıq isə Beyləqan rayonunda əldə edilib. Təsərrüfat sahibi Səxavət Məmmədov bu layihələrin gerçəkləşməsi üçün 3 hektar sahədə hər üç metodla buğda əkini aparıb. Fermer bildirir ki, hər üç metod səmərə verib, lakin ən çox məhsuldarlıq məhz “ağıllı kənd təsərrüfatı” təcrübələri ilə becərilən sahədə əldə edilib: “Ağıllı kənd təsərrüfatı” metodunda hər hektara 150 kq, regional ən yaxşı metodda hər hektara 220 kq, ənənəvi fermerin təcrübəsi metodunda isə 250-300 kq toxum səpini aparılıb.
“Ağıllı kənd təsərrüfatı” təcrübələri metodunda digər metodlardan fərqli olaraq hər hektara minimum həddə toxum səpilib. Bitkinin becərilməsi zamanı azot və fosfor olmaqla digər fərqli qida maddələri tətbiq olunub. Həmçinin bitkinin yemləmə və suvarılması da təklif olunan təcrübəyə əsasən aparılıb. Nəticədə isə yüksək məhsuldarlıq əldə olunub. Yəni hazırda məhsuldarlıq “ağıllı kənd təsərrüfatı” təcrübəsi ilə becərilən sahədə hər hektara - 80 sentnerdir. Bundan başqa, regional ən yaxşı təcrübə ilə becərilən sahədə məhsuldarlıq hektara 40 sentner, və fermerin metodu ilə becərmədə isə hektara 35 sentner məhsuldarlıq əldə olunub”.
Qeyd edək ki, səpin işləri zamanı "Şəfəq-2" yerli sort, "Tanya" və "Alekseyeviç" olan xarici sortlardan istifadə edilib və yerli sort ən çox məhsul verib.