10 İyul 2023
Üzümçülük və Şərabçılıq Elmi - tədqiqat İnstitutunun (ÜŞETİ) Şamaxı Üzüm Tingçilik Mərkəzində respublikamızda ilk dəfə olaraq yerli üzüm sortları - Bayanşirə, Mədrəsə, Xindoqnı, Arna-qrna, Şirvanşahıdan ibarət calaq olunmuş əkin materialı emalatxana prosesində mürəkkəb stratifikasiya və affinitet prosesini keçdikdən sonra tarla şəraitində əkilmişdir. Calaq - tinglərin çıxım faizi qənaətbəxşdir və birillik zoğları normal inkişaf edib.
İstehsal olunan tinglər bioloji, fitosanitar baxımdan təmiz və fillokseraya davamlıdır. Əsasən yerli və xarici olaraq süfrə, texniki, o cümlədən kişmişi üzüm sortlarından ibarətdir. İstehsal edilən əkin materialı yerli şəraitə uyğun yetişdirildiyindən və xarici tinglərdən ucuz başa gəldiyindən fermerlərin iqtisadi maraqları ilə uzlaşır və müasir tələbatlara cavab verir. Belə ki, yerli istehsal hesabına tingin qiymətinin aşağı düşməsi, o cümlədən rəqabətədavamlı məhsul istehsalına imkan verən, yüksəkkeyfiyyətli, abiotik və biotik amillərə nisbətən davamlı, virus xəstəliklərindən azad üzüm tinglərindən istifadə fermerlərin gəlirlərini xeyli artıracaq.
Qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarından ibarət calaq - ting istehsalının təşkili üzümçülüyün inkişafına böyük təkan verəcək, yerli üzüm sortlarının qorunub saxlanılmasına, artırılmasına, üzüm emal müəssisələrinin xammal bazasının zənginləşdirilməsinə zəmin yaradacaq. Milli brendlərin istehsalı artarsa respublikanın şərabçılıq üzrə ixrac potensialı da yüksələcək.